
Dedlayn anlayışı bütün plazaların lüğətində və tez-tez qiyabi və ya əyani olaraq işləyə biləcəyimiz iş yerlərində eşidilir. Hər kəs tərəfindən fərqli anlayışla qəbul olunan dedlayna müasir dövrdə münasibət necədir və ona hansı şərtlər daxilində riayət edilir?
Uşaqlığımızdan bəri məşhur serial və filmlərdə bir neçə qəhrəmanların gün ərzində müxtəlif işlərlə məşğul olduğunu görmüşük. Onlar günün böyük bir hissəsi hansısa bir işlə məşğul olurlar, hətta vaxtlarının böyük bir hissəsini kafelərdə, restoranlarda və ya üzləşdikləri problemlərlə keçirirlər. Lakin hər kəsə maraqlı olan bir sual olub. Onlar qazancı haradan əldə edirlər?
Qiyabi və uzaqdan işləmək anlayışı uzun illərdir günümüzədək gəlib çatır. Əvvəl bir sıra işçi üçün ofisdən kənar bir yerdə işləmək çətin olurdusa, bu çətinlik il keçdikcə öz həllini tapdı və müxtəlif həll yolları peyda oldu. Müasir və rəqəmsallaşan dünyanın yaratdığı imkanlar sayəsində hal-hazırda əksər əməkdaşlar öz işlərini müxtəlif məkanlardan həyata keçirə bilirlər.
Bəs işçiyə qoyulan hansı tələblər dəyişir və ya eyni qalır?
Ofisdən kənar işləmək hər gün müəyyən bir məsafəni qət etməyi, özünlə yemək daşımağı, nəqliyyata pul xərcləməyi aradan qaldırsa da, bəzi qaydalar bütün işçilər üçün keçərli olaraq qalır. İşçilərin məsuliyyəti, komandaya adaptasiyası, hörmət və izzət çərçivəsində bir-biri ilə əlaqəsi bütün işçilərdən “kindly” tələb olunur.
Tələb olunanlardan biri də dedlaynları vaxtında çatdırmaq, özünə və müştəriyə ən uyğun vaxtı təyin edə bilməkdir. Dedlayn anlayışı əksər şirkətlərin daxilində çox qlobal bir problemə çevrilə, bəzi şirkətlərdə isə işləri vaxtında çatdırmaq üçün işləri tarazlayan bir vasitəyə çevrilib. Dedlayn verilən və alınan zaman yaşaya biləcəyimiz problemlər:
- Müştərinin yalnız özünə görə vaxtı təyin etməsi. Belə olan halda komandanın heç bir üzvündən fikir soruşulmur və müştəri təyin etditi vaxtda işi təhvil almaq istəyir. Vaxt təyin edildikdən sonra isə geri addım atmaq çox nadir hallarda baş verir. Əsasən müştəri təyin etditi vaxtdan bir gün gec və ya həmin gün işini təhvil almaq istəyir. Müştəri psixologiyası əgər ödəniş varsa arada, istənilən zaman iş tələb etmək anlayışına hər zaman açıqdır. Lakin, müasir dövrdə, müasir şərtlər altında işləyən şirkətlər müştərilərin müəyyən bir səviyyədə öz xidmət aldıqları şirkətlərə qarşı daha yumşaq və ədalətli davranmağına kömək edib.
- Təcili dedlaynlar. Əgər iş zamanı təcili işlərlə rastlaşırıqsa, bunun üç səbəbi ola bilər. Birinci səbəb odur ki, bizim idarəmizdən asılı olmayaraq hansısa hadisənin baş verməsi və bunun işıqlandırılması üçün qısa bir müddət vaxt verilir. Həmin vaxt ərzində baş verən hadisəyə aid müvafiq işlər görülməlidir. İkinci səbəb odur ki, müştəri tərəfdən şirkətdaxili idarəetmə və ya sistem nasazlıqları mövcud olduğu üçün işlər təcili gəlir və komandanın nə zaman çatdıra biləcəyi nəzərə alınmır. Üçüncü səbəb isə odur ki, göndərilən işlər üzərində dəfələrlə düzəliş edildiyi üçün işin çatdırılmalı olduğu vaxtdan çox keçib və həmin iş ən tez bir zamanda təyin olunmuş adresinə çatmalıdır.
- Dedlaynın hər kəsə görə fərqli olması. Müştəri tərəfdən bir sıra problemlər yaşadığımız kimi, komanda daxili də problemlərdən yayınmaq mümkün deyil. Əgər bir iş gəlirsə, bu işin ən düzgün dedlaynı hər kəsə görə fərqlidir. Məsələn, dizayner dedlaynı 4 gün sonraya təyin etdiyi halda, kopirayter bu işi 4 gün ərzində çatdıra bilmir. İşlərin bir çoxu zəncirvari baş verdiyi üçün birinci növbədə işin ilkin mərhələsini həyata keçirəcək əməkdaş dedlaynı təyin etməli, onun ardından növbəti addımları həyata keçirəcək əməkdaşlar dedlaynı təyin etməlidir.
İllərdir dedlayn mədəniyyətinin formalaşdığı dünyada hər kəs özünə ən rahat dedlaynı təyin etməyə çalışır və işləri vaxtından uzun bir müddətə keçirməyərək təhvil verməyə çalışır. Dedlaynları düzgün təyin edək, vaxtında təhvil verək, vaxtında təhvil alaq!