
Fərqli olsun, rəngli olsun, loqo böyük olsun, kreativ olsun... bunları eşitmişik 😊 Kreativlik sevdasına bir çox agentlik şahid olub. Xüsusən yeni başlayan əməkdaşlar arasında və müştərilər tərəfindən olduqca tələb olan sahədir. Kreativlik deyəndə özəl bir dizayn həlli, sloqanda söz oyunları və ya dərin mənalar, ideyaların arxa planında yatan kiçik hekayələr və ya hər kəsin özünə görə yaratdığı mənalar başa düşülür. Kreativlik sahəsinə kiçik bir səyahətə çıxaq...
Kreativlik nədir ?
Kreativlik məsələni orijinal və qeyri-adi, eyni zamanda faydalı şəkildə həll etmək kimi xarakterizə edilə bilər. Ümumilikdə kreativ yanaşmaların formalaşması tarixinə qısaca nəzər salsaq, bəşər cəmiyyətimizin ilk vaxtlarından başlayaraq insanın formalaşması ilə bərabər onda özünəməxsus yaradıcılıq, düşüncə, cəmiyyətə və ətraf aləmə yanaşmaların da meydana gəldiyini görə bilərik. Təbii ki, ilk vaxtlarda bu dəyərlər çox sadə düşüncə və yanaşmalar olmuşdu.
Cəmiyyət zaman keçdikcə inkişafa doğru dəyişirdi. Bununla bərabər kreativlik konsepsiyasının dərk edilməsi (qəbul edilməsi) yolları, eyni zamanda bu ifadənin özü də termin kimi dəyişir və inkişaf edirdi. Qədim Şərq, antik dövrün Yunan-Roma mütəfəkkirləri bu sahədə bir sıra mühüm işlər görmüşdür. İlk əvvəllər istər Qədim Yunanıstanda istərsə də Romada kreativlik anlayışı incəsənət və poeziyaya şamil edilmişdi. Onlar fəaliyyət azadlığını deyil, daha çox qanunlara tabeliyi əsas götürürdülər. Belə ki, Yunanıstanda Platonun açdığı “Afina akademiyası” Avropada ilk akademiya olmaqla yanaşı azad düşüncə, dövr üçün yeni, mütərəqqi ideya və fikirlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdi. Eləcə də Sokrat və Aristotelin düşüncələri, Levkipp və Demokritin atomistlər məktəbi, Protaqor və Gorgiyin sofistlər cərəyanı və s. bu sahədə böyük tövhələr vermişdilər.
İncəsənət dünyasının mənimsədiyi kreativlik anlayışı orta əsrlərdən indiki dövrümüzədək də müəyyən bir dövr keçirmişdir. Tarixin müəyyən səhifələrində kreativliyə incəsənət üzərində, bəzi yerlərdə dəb sahəsində, bəzi yerlərdə memarlıqda və bəzən də elm sahəsində rast gələ bilərik.
İndik dövrümüzün kreativlik anlayışı isə çox genişdir. Kreativlik sadəcə incəsənət xadimlərinin əlində deyil, TikTok video kontentindən hökümət səviyyəsində keçirilən tədbirlərə qədər uzanıb gedir. Hal-hazırda hər kəsin əldə etmək istədiyi kreativ kontent üçün markalar müxtəlif agentliklər dəyişir və ya öz daxilindəki işçiləri ixtisar edərək yeni beyinləri komandaya daxil edir.
Kreativlik başa düşülən deyilsə, heç kimə lazım deyil...
Kreativ düşüncə oturub kreativ fikirləri düşünəndə yaranmır. Kreativ düşünmək üçün yeni ideyalar, yeni fikirlər yaratmağa ehtiyac da yoxdur!
Kreativ ideya yaradan şəxs ideya üzərində düşünmür, ilham mənbəyi axtarır. Yəni, yeni ideyalar deyil, yeni insanlar tanımaq lazımdır, yeni kitablar oxumaq lazımdır, yeni insanlarla tanış olmaq və yeni məkanlara səyahət etmək lazımdır. Belə olan halda, kreativ ideyalar gəlib özü tapacaq.
Lakin, indiki dövrdə kreativ olmağı şərt olaraq fərz edən kütlə sayı kifayət qədər çoxdur. Bəzən biz də özümüzü müştəri və izləyici kütləsinin yerində görürük. Qarşımıza hansısa bankın, restoranın, hotelin və ya digər iaşə obyektlərinin reklamı çıxır. Görürük ki, sloqan gözəldir, dizayn da cəlbedicir. Amma nə demək istəyirlər? Bunu anlamaq mümkün deyil.
Daha açıqlayıcı olsaq, deyək ki, hansısa bankda kampaniya var. Bu gün həmin bank normalda 100 AZN-dən yuxarı satdığı qızılı bank kartlarını pulsuz verir və bunu yalnız 2 saat ərzində edir. Burada edilən ideya belədir: Sloqan: Qızılı kartlarla dolu aləmə dəvətlisiniz! İdeya: Bankın filialını qızıldan etmək, hər yeri qızılı daşlarla bəzəmək və s.
Olmalı olan: Sloqan: Cibin boş gəl, qızıl dolu qayıt! deya: Vizualda bankın filialından qızılı kartın çıxmağını görürük.
Təbii ki, kreativ ideyalar interpretasiyaya açıqdır. Elastik bir sahə olduğu üçün hər kəs fərqli yoza bilər, kiməsə kreativ görünən bir kontent digəri üçün çox sadə və ya lazımsız gələ bilər. Lakin bir şeyi unutmamaq lazımdır ki, kreativlik başa düşülən deyilsə, heç kimə lazım deyil 😊