Kopirayterin gündəliyi

Kopirayterin gündəliyi

Səhər saat 9-da qapını açan kimi briefləri, sloqanları, kontent və Instagram description-larını gözləyən komanda və bir ədəd kopirayter. Kopirayter kimdir və niyə işin əsas məntiqi və təməl sütununda mühüm rol oynayır?

Kopirayter hər bir agentlikdə, korporativ şirkətlərdə və ona ehtiyac duyulan hər yerdə öz ideyalarını yaradıcı şəkildə yazıda əks etdirən, istənilən bir kommunikasiyanın təməl məqsədlərini və ötürmək istədiyi mesajı ərsəyə gətirən mətnşünasdır. Bəs kopirayterin işi yalnız yazmaqdan ibarətdirmi? Təəssüf ki, bu sənətə dırnaqarası olmasa da, işin kiçik bir hissəsi olaraq baxanlar var. Halbuki, kopirayter sözünün ağası olub işin istənilən səhnəsində müstəsna köməklik göstərə bilir. 

Bəs kopirayter gün ərzində nə edir? 

Kopirayterin işə başlamasında Azərbaycan dilinin frazeologiya lüğətindən, Chat GPT-dən məlumat bazası olaraq istifadə etməyədək və Azryhmes saytından qafiyə qoşmağadək bir neçə üsul mövcuddur. Həmçinin Bildilçin də istənilən sözün lüğətdə olub-olmadığını rahatlıqla tapmağa və müəyyən hərflərin hansı sözlərin əvvəlində, ortasında və sonunda işləndiyini tapmağa kömək edir. Kopirayter işi aldıqdan sonra kənarda yığdığı kontentlərdən istifadə edib edə bilməyəcəyi barədə düşünür, işin orijinallığına önəm verir. Əgər iş bütün kanalları əhatə edən irimiqyaslı bir kommunikasiyadırsa, o zaman insanların damarına toxunacaq, brend ilə müştəri arasındakı dəyərlər əsas tutulur. Əgər bu sosial mediada paylaşılacaq Instagram, Facebook kontentidirsə, çox düşünməyə ehtiyac yoxdur, həmçinin eyni zamanda çox düşünmək də lazımdır. İnsanların 2-5 saniyə ərzində anlaya biləcəyi lakonik kontentlə çıxış etmək bu müəllimlərimizin işidir. Lüğətdəki sözlərə fərqli nəfəs vermək, sözün əsl mənasında başına oyun açmaq iş prinsipləri arasındadır. Aysberqin görünən yoxsa görünməyən tərəfində bərqərar olmalı olduğunu düşünən kopirayterin işini hər zaman ən sonda görürlər və 100 ideyadan 96-sının zibil qutusuna getdiyindən xəbərdar olmurlar. Kopirayter həmin o şəxsdir ki, daha kreativ olmaq, bir az daha fərqli olmaq lazım olanda dizaynerin yardımına qaçır. 

Kopirayter oxumalıdır, dinləməlidir, gəzməlidir, insanlarla ünsiyyətdə olmalıdır və yaşadığı ölkənin sosial-iqtisadi vəziyyətindən xəbərdar olmalıdır. Ya da olmamalıdır. Bu artıq kopirayterin özünü necə inkişaf etdirmək istəməyindən asılıdır. Bəziləri kitablar oxuyaraq, bəziləri xarici reklamlardan ilhamlanaraq, bəziləri isə sadəcə başı daşdan-daşa dəyərək öyrənir. Lakin hər bir kopirayterin gündəlik rejiminə müxtəlif kontentlərin, adların, sloqanların və digər mətnlərin çıxarılması, ofisdə söz oyunları edib hər kəsin üzünü güldürməsi, müştərilərə əsaslı arqumentlər gətirməsi aiddir.